Yeni yerüstü piyada keçidi tikilir
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Mərdəkan-Zağulba avtomobil yolunun 8-ci kilometrində yeni yerüstü piyada keçidi inşa edir.
Qazet.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, layihə üzrə keçidin uzunluğu 53,4 metr, daxili eni 3,5 metr, pilləkən və pandusların eni 1,35 metrdir. Yol səviyyəsindən hündürlüyü 5,5 metr təşkil edən keçid üstüaçıq və torşəkilli metal konstruksiyadan ibarət olacaq.
Hazırda keçiddə özül svaylarının vurulması işləri aparılır. Keçidin metal konstruksiya hissəsi zavod şəraitində hazırlanır. İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün beynəlxalq standartlara uyğun oval tipli piyada pandusları quraşdırılacaq.
Bundan başqa layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.