Yeni Yol xəritəsi təqdim edildi

Gündəm 15:25 10 okt, 2022
Yeni Yol xəritəsi təqdim edildi

Bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Kommunal xidmətlərə (internetə) qoşulma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022 – 2023-cü illər üzrə Yol Xəritəsinin təqdimatı keçirilib.

Qazet.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, tədbir Yol Xəritəsində qeyd olunan tədbirlərin müzakirəsi, onların icrası üzrə qarşıda duran vəzifələr, eyni zamanda ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə təşkil olunub.

Təqdimat mərasimində dövlət qurumları və özəl şirkətlərin nümayəndələri, nazirlik yanında İctimai Şuranın üzvləri və media təmsilçiləri iştirak ediblər.

Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun rəhbəri, naziri müavini Fərid Əhmədov bildirib ki, sözügedən İşçi qrupu “Əlverişli Biznes Mühiti” layihəsinin “Kommunal xidmətlərə (internetə) qoşulma: İnternetə qoşulma” indikatorunun bir sıra komponentləri əsasında təhlillər aparıb, həmin təhlillərin və müvafiq təkliflərin əsasında isə Yol Xəritəsi hazırlayıb.

Onun sözlərinə görə, Yol Xəritəsinin həyata keçirilməsində maraqlı tərəf olaraq biznes və ictimaiyyət nümayəndələrinin məlumatlandırılması, onların islahatların hazırlanması və həyata keçirilməsi prosesində aktiv iştirakı və rəylərin təqdim olunması üçün əlverişli imkanların yaradılması bu sahədə həyata keçiriləcək kompleks tədbirlərin səmərəliliyinin artırılmasına xidmət edəcək.

Tədbirdə İşçi qrupunun katibi Müşfiq Quluyev, nazirliyin Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsinin müdiri, Yol Xəritəsinin icrasına məsul şəxs Ceyhun Hüseynzadə, Azərbaycan İnternet Cəmiyyətinin sədri, nazirlik yanında İctimai Şuranın sədr müavini Qalib Qurbanov, “Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi” İctimai Birliyinin direktoru və nazirlik yanında İctimai Şuranın üzvü Osman Gündüz çıxış ediblər. Çıxışlarda sözügedən Yol Xəritəsinin əhəmiyyəti və icrasına dair qarşıda duran vəzifələr tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Yol Xəritəsini sentyabrın 30-da Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın sədri təsdiq edib (https://azranking.az/action-plans )