Yenilənmiş pul nişanları nə vaxt tədavülə buraxılacaq?
Yenilənmiş pul nişanları barədə Mərkəzi Bankdan məlumat verilib
Mərkəzi Bankın 20 manatlıq banknotunu yeniləməsi “Qarabağ” mövzusunda həyata keçirilən ən mühüm addımdır.
Qazet.az-ın əldə etdiyi məlumata görə, “Qarabağ” mövzusuna həsr olunan 20 manatlıq pul nişanının mühafizə sistemləri və dizaynı mövcud konsepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənib. Qurum yenilənmiş dizayna və mütərəqqi mühafizə sistemlərinə malik 20 manatlıq pul nişanının 10 fevral 2022-ci il tarixdən tədavülə buraxılmasını elan edib.
“Yenilənmiş 20 manatlıq pul nişanında ən son mühafizə elementləri olaraq 3D effektində rəngi dəyişən holoqram, möcüzəvi “Spark Live” elementi (dinamik işıq effekti saçan, rəngi dəyişən təsvirlər), su nişanı (pul nişanını işığa tutduqda Azərbaycan Respublikasının Dövlət Gerbi və müvafiq nominalın rəqəmlə təsviri), görmə qüsuru olanlar üçün tanıma elementi (pul nişanlarının ön tərəfində sağ və sol kənarlarda görmə qüsuru olanlar üçün xüsusi qabarıq xətlər yerləşir ki, bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək mümkündür), şaquli dizayn (banknot istehsalı sahəsində dünyada ən müasir trendə uyğun olaraq pul nişanlarının arxa tərəfi şaquli olaraq dizayn edilib), mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər və s. tətbiq olunmuşdur” - deyə Mərkəzi Bankın məlumatında vurğulanıb.
Artıq ölkə ərazisində istifadə edilən bütün nağd pul sistem və avadanlıqlarının yenilənmiş 20 manatlıq pul nişanına uyğunlaşdırılması (adaptasiyası) proseslərinə başlanılıb.
Eyni zamanda, Mərkəzi Bank tərəfindən 20 qəpiklik metal pul nişanının dizaynı yenilənərək tədavülə buraxılıb. Belə ki, yenilənmiş 20 qəpiklik üzərində Dövlət Gerbi və istehsal ili əlavə olunub. O da qeyd olunur ki, yenilənmiş 20 manatlıq kağız pul nişanı və 20 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel şəkildə dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.