Bakı 4˚C Cloudy

Yer kürəsinə ən yaxın məsafədə yerləşdiyi güman edilən qara dəlik kəşf edilib

Maraqlı 04:37 25 okt, 2022
Yer kürəsinə ən yaxın məsafədə yerləşdiyi güman edilən qara dəlik kəşf edilib

Amerikalı alimlər Yer kürəsinə ən yaxın məsafədə yerləşdiyi güman edilən qara dəliyi kəşf ediblər.

Qazet.az xəbər verir ki, kəşf edilmiş qara dəlik Yer kürəsinə o qədər yaxın məsafədə yerləşir ki, o sanki planetimizin “arxa küçəsindədir”. Kosmosda qara dəliyi aşkar etmək çox qəliz məsələdir. Belə ki, hətta işıq belə onun hadisələr üfüqi adlandırılan nöqtəsindən geri qayıda bilmir. Lakin qara dəliklər bəzən qazı, tozu, ulduzu udan və ya bir-biriləri ilə toqquşduqları zaman müəyyən şüalanmalar ifraz edə bilirlər və məhz həmin şüalanmaların hesabına onları təyin etmək mümkün olur. Buna baxmayaraq kosmosda qara dəliklərin hansı sayda olduqlarını təyin etmək çətindir.

 Bu mövzuya həsr edilmiş xüsusi layihə çərçivəsində alimlər Avropanın Gaia adlı teleskopu tərəfindən kəşf edilmiş 200 000 ədəd ikili ulduz sistemi barəsində məlumatları analiz ediblər. Həmin sistemlər arasından alimlər yüksək kütləli görünməyən kosmik obyektin ətrafında dövr edən ulduzları təyin etməyə çalışıblar. Bu cür ulduzlara namizəd ola biləcək kosmik obyektləri seçəndən sonra alimlər onların işıq spektrlərini müşahidə etməyə başlayıblar. Qara dəliyin qravitasiyası öz ətrafında dövr edən ulduzun işıq spektrinə təsir göstərir. Nəticədə alimlərin diqqətlərini bir ulduz sistemi çəkib. Həmin sistemdə Günəşin kütləsindən bir qədər aşağı kütləyə sahib ulduz görünməyən obyektin ətrafında dövr edir və həmin obyektin kütləsi 12 dəfə daha böyükdür.

Təyin edilmiş ulduz görünməyən obyektin ətrafında tam dövrü 185 günə reallaşdırır. Alimlərin hesablamalarına əsasən sözügedən qara dəlik Yer kürəsindən 1550 işıq ili məsafəsində yerləşir və heç istisna deyil ki, o, Yer kürəsinə ən yaxın məsafədə yerləşən qara dəlikdir. Yer kürəsinə ən yaxın məsafədə yerləşən qara dəlik statusunu əldə edə biləcək digər namizədlər də var. Onlardan ən yaxın məsafədə yerləşəni isə V Pup adlı ulduz sistemindəki obyektdir. Həmin obyekt Yer kürəsindən 960 işıq ili məsafəsində yerləşir. Lakin onun qara dəlik olub-olmadığı hələ təsdiqlənməyib.