Tanrıya badə qaldıran aktyor, səhnədə qaçışan uşaqlığım - Məni ağladan tamaşa
Həftə sonu redaksiyamız Dövlət Pantomima Teatrında yeni “Yük. Uzaqda bir nəfər var” tamaşasına baxmağa yollandı.
İllərdir pantomimanın daimi izləyicisi olmağıma baxmayaraq ilk dəfə idi ki, sözlü tamaşaya baxırdım. Bəlkə də tamaşanın quruluşcu rejissoru və müəllifi, Azərbaycan Respublikasının xalq artisti Bəxtiyar Xanızadə tamaşada sözün də yükündən bəhs edəcək deyə düşünürdüm. Həmişə sözsüz tamaşaları sözə çevirərkən, görünür bu dəfə sözdən söz çıxarmağa çalışacağam.
Tamaşanın açılışında qaranlıq səhnədən qadın çığırtılarını xatırladan külək vıyıltısı ötüb keçir. Qaranlığa sancılmış bir neçə insan, əllərində çamadanla pıçıldayır – “demədi”, “fərsiz”, “eşitmirəm”. Çamadanlarla səhnədə dövrə vuran aktyorlar zamanın axınına qarşı çıxır. Artıq növbəti səhnələrdə aktyorların canlandırdığı ayrı-ayrı obrazların “tale yükü”nə şahid oluruq. Onlar çiyinlərində daşıdığı “yük”ü, çamadanları aparmaqda çətinlik çəkirlər. Dovlatovun “Çamadan” hekayəsini xatırlayıram. Elə bilirəm ki, bu dəqiqə çamadanlardan əşyalar çıxacaq. Ancaq çamadanlardan boşluq çıxır. Bəlkə də çamadanın içindəkilər obrazların taleləri, uşaqlıq xatirələri, dərdləri ilə dolub daşdığından daşımaq onlara ağır gəlir. İnsan özü özünə yükdü bəzən. Kafkanın dediyi kimi “Paltom belə ağırlıq edərkən bu boyda dünyanı necə daşıyım çiyinlərimdə”.
Səhnədə rollarının öhdəsindən ustalıqla gələn Nuridə Musabəyli və Solmaz Bədəlovanı görürük. Onlar bir əllərində çamadan digər əlləri ilə kəndiri tutub dartaraq səhnədə dövrə vururlar. Kəndir mənə intihar ipini xatırladır. İki bacı rolunu oynayan qızlar deyir.
“Biri var idi, biri yox idi. Ondan başqa hamı varıydı. Ondan mənə niyə vermədin. Yetişməyib, olmaz. Hələ may ayıdır. Gərək verərdin. Avqustda yetişir. Bəlkə də sonuncuydu. Atam hər gün talvarın altında oturub gözləyərdi. Kəndirdən qopmaq istəmirdi. Gərək vaxtında yeyəsən. Dərisi çox soyuq idi. Atamın nağıllarından doymazdım. Onu aldılar əllərimdən”.
Qızlar bu sözlərin sürətini artıraraq daha da iti addımlarla dövrə vururlar. Bu sürət sanki zaman maşınını xatırladır. Onlar elə bil bu dəqiqə keçmişə, uşaqlıqlarına düşəcəklər və keçmişi dəyişəcəklər...
Səhnədə aktyorlar iki-iki öz hekayələrini danışır. Yeganə aktyor Nurlan Rüstəmov öz rolunu səhnədə tək ifa edir. O, ciblərindən bükülmüş, əzik xatirələrini, bəlkə də yazılıb göndərilməyən ünvansız məktubları çıxarır. Kağızdakı keçmişi onun basılmış yaralarını sızıldadır. Hətta səhnədə üsyan edir. Yanaşı oturan tamaşaçılardan biri bu üsyandan diksinib qorxur. Çamadandan yerə bir yığın məktub tökülür. Məktublar yerə töküldükcə obrazın ümidləri də, üsyanı da səhnəni ağuşuna alır. Nurlan Rüstəmovun göz yaşlarına sol tərəfimdə əyləşən xanım da qoşulur. Görünür xanım məndən daha həssas imiş. Təki üzümüzə qonan kədər sənətdən olsun. Ancaq məni ağladan səhnəni yazının sonunda qeyd edəcəm.
Növbəti səhnədə Elxan Şahalıyev və Elmin Qiyaslını görürük. Onlar da çamadanları ilə səhnənin ortasında bardaş qurub, dərdlərinə içib sağlıq deyirlər. Aktyorlardan biri içməyin günah olduğunu vurğulayır. Digər aktyor isə badəsini yuxarı qaldıraraq Tanrıya işarə edir. Tanrının şərəfinə içək, onda keçər günahımızdan. Bu səhnə tüklərimi biz-biz edir. Tanrını maddiləşdirən, ona fiziki məna yükləyən aktyorlar ərafın ortasında, varlıqla yoxluğa, “olum ya ölümə”ə göndərmə edir.
Sonlara doğru səhnədə performansına heyran qaldığım iki aktyor görünür. Elnur Paşa və Bəhruz Vaqifoğlu.
- Qardaş, çamadanında nə aparırsan?
- Unutmuşam.
- Bəs sən mənim nə apardığımı soruşmayacaqsan?
- Qardaş, bəs sən nə aparırsan çamadanında?
- Yadımda deyil...
Bəhruz atası ilə olan xatirəsini danışır. Uzaqlara getmək istəyir. Buralarda onunku gətirmədi. Atasının ona dediklərini xatırlayır. “Taxta parçasını xəzərin bu tayında dənizə buraxsan gedib o tayında da taxta parçası olacaq”.
Gəlib çatdıq göz yaşlarıma hakim ola bilmədiyim səhnəyə. Elnur Paşa səhnədə əlində qırmızı şarla deyir.
Salam cənab, hara gedirsiniz?
-Uzağa
- Nə qədər uzağa?
-Çox uzağa
- Bir hədiyyə versəm apararsınız?
- Dedim axı, mən çox uzağa gedirəm.
-Bilirəm cənab, çox uzağa çatmamış uzaqda bir nəfər var, mənim hədiyyəmi ona çatdırın.
- Hədiyyə hazırdırsa verin.
Elnur Paşa qırmızı şarı Bəhruz Vaqifoğluna uzadır.
- Hədiyyə budur.
- Belə də hədiyyə olar?
- Olar cənab, çox uzağa çatmamış uzaqda mənim uşaqlığım yaşayır, bu hədiyyəni ona verin.
- bəs mən onu necə tanıyım?
- Əlinizdəki bu qırmızı şarı görən kimi mənim uşaqlığım özü sizi tanıyıb yanınıza gələcək.
Aktyor “Nuh” kəlməsini işlədərək yaradılışa göndərmə edir.
Bu səhnədən sonra aktyorlar əllərində qırmızı şarla səhnədə Yevgeni Doqanın məşhur valsının sədaları altında tamaşanı yekunlaşdırırlar. Son səhnə özündə nikbinlik ehtiva etsə də məni ağlatdı. Uşaqlığımda xatırlamaq istəmədiyim xatirələrim bir anda səhnənin ortasında qaçışmağa başladı. Əlimi uzadıb uşaqlığımı səhnədən çıxartmaq istədim.
Qırmızı şar detalı mənə Albert Lamorissenin “Le Ballon Rouge” (Qırmızı şar) filmini xatırlatdı.
Bu son səhnə azadlıq və xoşbəxtlik axtarışında olan tamaşaçıları silkələyir. Dünyanın sərt reallığını xatırladır. İçimizdə uşaqlığımızın qırıntılarını daşıdığımız halda o uşaqlığın əlindən tutub içimizdən çölə çıxara bilmirik. Doğulub böyüyənəcən insan daim keçmişində kök salır. Xatirələrindən xilas ola bilmir.
Qırmızı şar həm də cəmiyyətin, ailə basqılarının, pərçimlənən azadlıqların qarşısında dirənişi də simvolizə edir. Qırmızı şar eyni zamanda saflığı, məsumluğu, ümidin hər zaman qapımızı döyəcəyini göstərir. İçinizdəki uşaqlıq heç vaxt ölməsin. Arada ürəyinizdəki qırmızı şarı çıxarın və mavi səmanın ənginliklərinə buraxın...
Dəniz Pənahova