Bakı 4˚C Windy

YUNESKO-nun yaradılmasından 76 il keçir

Tarix 14:03 16 noy, 2021

YUNESKO-nun nizamnaməsi 16 noyabr 1945-ci ildə Londonda imzalanıb

YUNESKO-nun yaradılmasından 76 il keçir

Bu gün YUNESKO -nun təsis edilməsindən 76 il keçir. YUNESKO BMT-nin ixtisaslaşmış təşkilatı olmaqla dünyanın təhsil, elm, mədəniyyət, informasiya və kommunikasiya sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası forumudur. Təşkilatın nizamnaməsi 16 noyabr 1945-ci ildə Londonda imzalanıb, 4 noyabr 1946-cı ildə 20 üzv dövlətdən ibarət YUNESKO öz rəsmi fəaliyyətinə başlayıb.

İkinci Dünya Müharibəsinin başa çatmasından az sonra yaradılan YUNESKO hazırda 193 dövləti və 11 assosiativ üzvü - xarici siyasətə cavabdeh olmayan əraziləri birləşdirir. YUNESKO dünya mədəni irsinin əsas qoruyucusu rolunu oynayır. Onun proqramları təhsilin, təbiət və humanitar elmlərin, mədəniyyətin, kommunikasiyaların inkişafına yönəlib. Təşkilatın işçi dilləri ingilis, fransız, rus, çin, ispan və ərəbdir.

Azərbaycanın YUNESKO ilə əməkdaşlıq tarixi müstəqilliyin ilk illərinə təsadüf edir. Azərbaycan 3 iyun 1992-ci il tarixində  YUNESKO-ya üzv qəbul edilib. Bundan sonra isə, Azərbaycan YUNESKO-nun bir sıra konvensiyalarına qoşulub.

1993-cü ilin dekabr ayında Prezident Heydər Əliyevin Fransa Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev YUNESKO- nun baş direktoru Federiko Mayorla görüşüb. Görüşün sonunda Federiko Mayor Heydər Əliyevə YUNESKO-nun xatirə medalını təqdim edib.

Qeyd edək ki, 2004-cü ildə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva YUNESKO-nun xoşməramlı səfiri seçilib. Onun səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahılarında yer alıb.

Azərbaycan 2005-2019- cu illər ərzində İcraiyyə Şurasının üzvü, həmçinin bir sıra digər alt komitələrin üzvü olub. Bununla yanaşı Azərbaycan YUNESKO-nun bir sıra tədbirlərinə də ev sahibliyi edib. Sonuncu olaraq isə 30 iyun-2 iyul 2019-cu il təşkilatın Baş direktoru Odre Azule  YUNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında iştirak etmək üçün Azərbaycana səfər edib.