Bakı 9˚C Intermittent clouds

"Zaman bizim xeyrimizə işləyir" - Sərhəd toqquşmasının arxa fonu

Eksklüziv 17:43 17 noy, 2021

Əgər üçtərəfli bəyannaməyə əməl edilməsə, Azərbaycan razılaşmanı tərk edə bilər

"Zaman bizim xeyrimizə işləyir" - <span style="color:red">Sərhəd toqquşmasının arxa fonu</span>

44 gün davam edən Vətən Müharibəsi bitsə də, hələ də silahlar susmayıb. Üçtərəfli bəyannamə imzalansa da, qeyd olunan bəndlər həyatda öz əksini tapmayıb. 

Dünən Azərbaycan-Ermənistan sərhəddində daha bir gərginlik yaşandı. Artilleriya qurğularının da işə salınması ilə aparılan toqquşmada Azərbaycan Ordusu 7 nəfər şəhid verdi. Qeyri-rəsmi mənbələrdə isə Ermənistanın 30-a yaxın itkisi, 50 nəfər yaralandığı bildirilib.

Bəyannamənin mövcud olduğu durumda və Rusiyanın zəmanət durduğu vəziyyətdə silahlar nə üçün işə düşür? Bu təxribatların arxasında kimlər və nələr dayanır?

Qazet.az bu suallara cavab tapmaq üçün tədqiqatçı-yazıçı və politoloq Adıgözəl Məmmədovun fikirlərini öyrənib.

Ekspert bu hadisələrin arxasında üçüncü tərəfin mövcudluğunu qeyd edib: “Baş verən proseslərin arxasında üçüncü qüvvənin olması barədə çox ciddi şübhələr var. Bilirsiniz ki, 10 noyabrda imzalanan üçtərəfli bəyannamədə müəyyən öhdəlikləri var. Bunlardan biri Laçın koridoruna müqabil Federal Təhlükəsizlik Xidmətinin (FTX) nəzarəti altında olsa belə Zəngəzur koridorunun açılması məsələsidir. Nədənsə bu, prosesin yubadılması və siyasi oyunbazlıq müstəvisinə keçdi. Xüsusilə, Ermənistanın razılığa gəlməməsi və Rusiyanın ziddiyətli bəyanatları bu məsələni gündəmdən çıxartmaq siyasəti kimi özünü büruzə verir”.

12 noyabr tarixində Türk Şurası İstanbulda toplanıb. Bu toplantıda təşkilatın adı dəyişilərək Türk Dövlətləri Təşkilatı elan edildi. Bu görüşdə Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzur dəhlizinə toxunaraq qəti mövqe nümayiş etdi. Bundan başqa dövlət başçısı tarixi ədalətsizlik məsələsinə də toxundu. İlham Əliyevin çıxışını xatırladaraq ekspert Zəngəzurun tarixindən bəhs etdi.

“Sovet dövləti qurulandan sonra bu ərazi Ermənistana verilib. Hətta orada Ermənistan dövləti yaradılmamışdı. Təəssüflə qeyd edim ki, 1920-ci ildə dekabr ayının 1-də “Pravda” qəzetində Nəriman Nərimanovun məktubu dərc olunub. Düzdür, o, sonra bu addımından peşman olur. 1920-ci ildə ermənilər Zəngəzurda Sünik dövləti yaratmışdı. Adı elə gedirdi. Hələ o ərazidə sovetləşmə baş verməmişdi. Ermənistanda bolşeviklərin siyasi hakimiyyətə gəlməsi üçün belə bir fikir səslənirdi ki, bolşeviklər arasında burjuaziyanın qalığı ola bilən torpaq iddiası, bölgüsü aparılmamalıdır. Bütün dünyanın və bəşəriyyətin xilası fəhlə və kəndli sinifinin qələbəsindən keçir. İstər Ermənistan və ya Azərbaycan kəndliləri arasında bölünməyən bir şey ola bilməz. Bu, Çiçerin siyasəti idi və Nərimanovun dilindən deyilirdi. Belə ki, Zəngəzur arasında heç bir mübahisə ola bilməz, yəni bu torpaq ya Ermənistanda oldu ya bizdə heç bir fərq etməz. Bunun üçün də cənab prezident bizim torpaqların bu və ya digər səhvlərin və uzaqgörənlik olmadan edilən addımların ucbatından itirildiyini qeyd edirdi. Lakin Nərimanov səhv etdiyini anlayır və sonra bu dediyinin əleyhinə, xüsusilə Dağlıq Qarabağ məsələsində addım atır”

Adıgözəl Məmmədov
Tədqiqatçı, politoloq

 

Ekspert üçtərəfli bəyannaməyə riayət edilmədiyi təqdirdə Azərbaycanın ata biləcəyi addımları da sadalayıb: “Müasir Azərbaycan Respublikası Azərbaycan SSR-nin deyil, 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cumhuriyyətinin varisidir. Bu varislik həm də onun sərhədləri çərçivəsində özünü əks etdirir. Məsələnin ikinci tərəfi odur ki, bu günlər Rusiya tərəfinin xüsusilə birmənalı olmayan açıqlamaları bizi üçtərəfli bəyənnamənin şərtləri ilə bağlı tələb irəli sürməyə sövq edir. Biz hamımız şahidi olduq ki, bu bəyannaməyə görə Zəngəzur koridorunun açılması qeyd edilib. Bu koridor Rusya FTX-nin nəzarətində olacaq. Lakin bununla belə açılmalıdır. Əgər bu, açılmırsa, onda Laçın dəhlizindən nə üçün istifadə olunmur. Bu, Azərbaycan tərəfinə tam ixtiyar verir ki, bəyannamənin şərtlərinin icra olunmamasına görə bəyannamədən çıxsın, ya da zəmanətçi Rusiyadan qısa müddətdə Laçın koridorunun müqabilində öhdəlik kimi götürülmüş Zəngəzur koridoru açılmalıdır. Əgər əməl edilməyəcəksə, Azərbaycan bəyannamədən çıxıb, Laçın koridoruna öz hərbi kontingentini yerləşdirə bilər”.

Baş verən proseslər hadisələrin sadəcə iki tərəf arasında deyil, üçüncü tərəfin də olduğuna dair söz söyləməyə əsas verir. Ekspert üçüncü tərəfin hadisələri qızışdırmağa çalışdığını bildirib. O, Rusiyanın siyasi mövqeyinə toxunaraq onun zəiflədiyini nəzərə çatdırıb.

“Rusiya bütün cəbhələrdən geri çəkilmək məcburiyyətindədir. Bu gün həm Avropa siyasi cəbhəsində, həm digər yerlərdə sıxışır. Moskva daxili problemlə də üz-üzədir. Rusiya demoqrafik problemlər içində boğulur. Əhalinin azalması baş verir. Buna görə də, Rusiya siyasi çevrələrində belə bir tendensiya hökm sürür ki, bu itkilər Orta Asiya və Cənubi Qafqazdan gələn insanların hesabına düzəldilsin. Lakin bu həm də gələcəkdə bu xalqların çoxluq təşkil etməsinə də gətirib çıxara bilər. Rusiya vəziyyətdən çıxmağa çalışır, amma çıxa bilmir və bilməyəcək də”, deyə Adıgözəl Məmmədov söyləyib.

Eyni zamanda, Rusiya türk coğrafiyasında inteqrasiya proseslərinin güclənməsindən də narahat olur. Bu gün türkdilli dövlətlər siyasi və iqtisadi əlaqələri möhkəmləndirməyə çalışır. Lakin sonda bunun hərbi ittifaqa çevrilmək ehtimalı Rusiyanın yuxusuna haram qatır. Belə bir vəziyyətdə Azərbaycan məntiqli addımlar atmağa məcburdur.

“Zəngəzur koridoru açılacaq ya da açılacaq. Sadəcə olaraq biz Avrasiya geosiyasi arenasında baş verənləri ciddi təhlil edib, emosiyalara qapılmayaraq məntiqlə addımlar atmalıyıq. Bu da ki, dövlət başçımızın rəhbərliyi altında yerinə yetirilir. Zaman bizim xeyrimizə işləyir”, deyə Adıgözəl Məmmədov fikrini tamamlayıb.

 

Ülvi Əhmədli


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.