Zelenski İran rəhbərliyinə inanmadığını bəyan etdi
Ukrayna prezidenti Volodimir Zelenski İran rəhbərliyinə inanmadığını deyib.
O, bu barədə Kanadanın CTV və CBC kanallarına müsahibəsində Rusiyanın İranın kamikadze dronlarından istifadə edərək Ukraynaya hücumlarını və iranlı təlimatçıların işğalçı qoşunların təlimində iştirakını şərh edərkən deyib.
“Hamımız ilk növbədə özümüzü yalanlardan qorumalıyıq... Mən İran rəhbərliyinə inanmıram... Mən şəxsən onlara, onların sözlərinə inanmıram. Mən rəhbərliyin özünü nəzərdə tuturam, İran vətəndaşlarından danışmıram”, - prezident bildirib.
O xatırladıb ki, 2020-ci ildə Ukrayna təyyarəsinin qəzaya uğramasından sonra İran onun vurulmasında iştirakını inkar edib və bunu yalnız ukraynalı və xarici ekspertlər müvafiq sübutları yaydıqdan sonra etiraf edib.
Zelenski əlavə edib ki, İran bu faciədə həlak olanların yaxınlarına hələ də təzminat ödəməyib.