Zelenski Merkel və Sarkozini Buçaya dəvət etdi
Zelenski vurğulayıb ki, Ukrayna həmin səhv hesablamadan 14 il sonra inqilabdan və Donbasda səkkiz illik müharibədən sağ çıxıb.
Prezident Vladimir Zelenski Almaniyanın keçmiş kansleri Angela Merkeli və Fransanın sabiq prezidenti Nikola Sarkozini Buçaya səfər etməyə və 14 ildə Rusiyaya güzəşt siyasətinin nələrə gətirib çıxardığını görməyə dəvət edib.
Qazet.az xəbər verir ki, o, bu barədə videomüraciətində deyib.
"Bu gün NATO-nun Buxarestdə keçirilən sammitinin on dördüncü ildönümüdür. Ukraynanı Şərqi Avropadakı "boz zonadan" çıxarmaq şansı var idi. NATO ilə Rusiya arasındakı "boz zonadan". Ukraynanın guya NATO-ya üzv ola biləcəyi ilə bağlı optimist diplomatik mülahizələrin arxasında 2008-ci ildə Ukraynanı Alyansa qəbul etməkdən imtina gizlənirdi. Onlar düşünürdülər ki, Ukraynadan imtina etməklə Rusiyanı sakitləşdirə, onu Ukraynaya hörmət etməyə, bizim yanımızda normal yaşamağa inandıra biləcəklər”, - prezident bildirib.
Zelenski vurğulayıb ki, Ukrayna həmin səhv hesablamadan 14 il sonra inqilabdan və Donbasda səkkiz illik müharibədən sağ çıxıb:
"İndi biz Avropada İkinci Dünya müharibəsindən bəri ən dəhşətli müharibədə həyat uğrunda mübarizə aparırıq. Mən xanım Merkel və cənab Sarkozini Buçaya səfər etməyə və 14 il ərzində Rusiyaya güzəşt siyasətinin nələrə gətirib çıxardığını görməyə dəvət edirəm. İşgəncələrə məruz qalan ukraynalıları və ukraynalı qadınları öz gözləri ilə görmək üçün".