Zəngilanda 30 min ağac əkiləcək
Artıq dekabrın 17-dən bu meşə massivinin salınmasına start verilib

Yaxın aylar ərzində Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə Zəngilan şəhərinin yaxınlığında 30 min ağac əkiləcək.
Bu barədə Qazet.az-a Qarabağ Dirçəliş Fondundan məlumat verilib.
Bildirilib ki, artıq dekabrın 17-dən bu meşə massivinin salınmasına start verilib. Layihə çərçivəsində Zəngilan şəhərinin girişində, 30 hektar ərazidə 30 min ağacın - əsasən yerli iqlim şəraitinə uyğun Eldar şamı, Həmişəyaşıl sərv, Göyrüş, üçtikanllı lələk (şeytan ağacı, keçibuynuzu) və Şərq çinarı əkilməsi nəzərdə tutulur.
Qeyd olunub ki, dayanıqlı meşə massivinin salınması məqsədilə ərazidə görülən bütün işlər meşəbərpa tələblərinə uyğun şəkildə aparılır. Enerji təminatı və suvarma sisteminin qurulması, ərazidə müntəzəm müşahidələr aparmaqla əkilmiş sahəyə mütəmadi qulluq edilməsi kimi məsələlərə xüsusi diqqət ayrılır: “Layihənin 2022-ci ilin payızında yekunlaşdırılması planlaşdırılır. Xüsusən qeyd etmək istərdik ki, layihə Qarabağ Dirçəliş Fondu ilə Ekologiya və Təbii Sərvətlər nazirliyinin birgə təşkilatçılığı, “Paşa Holding” MMC, “Paşa Bank” ASC, “Kapital Bank” ASC, “Paşa Həyat Sığorta” ASC, ”Paşa Sığorta” ASC, “Paşa İnvestments” MMC, “Competo” MMC, “Agro Dairy” MMC, “Azərbaycan Supermarket” MMC, “Paşa Travel” və “Universal Pro” MMC dəstəyi ilə “Zəfərdən Dirçəlişə” adı altında həyata keçirilir. Dekabrın 17-də layihənin ilkin mərhələsində 1000 ədəd ağac əkilib. Tədbirə ekologiya və təbii sərvətlər naziri, Qarabağ Dirçəliş Fondunun Müşahidə şurasının üzvü Muxtar Babayev və bu layihəyə dəstək olan donor şirkətlər də qatılıb. Yaxın gələcəkdə bu tipli layihələr işğaldan azad olunmuş digər ərazilərdə də davam etdiriləcək”.