Bakı 4˚C Cloudy

Zeytun tumları nəyi müalicə edir?

Maraqlı 17:57 04 dek, 2022
Zeytun tumları nəyi müalicə edir?

Zeytun çəyirdəyinin tərkibi zeytun yağından daha zəngindir. Çəyirdəyi ortadan kəsdikdə içində kərə yağına bənzər bir təbəqə olduğu görünür, minerallar və vitaminlərlə zəngin olan məhz bu qatdır. Zeytun çəyirdəyi çox güclü antioksidantdır, şiş xəstəliklərinin müalicə və profilaktikasında istifadəsi yaxşı nəticələr verir. Gündə 3 dəfə yeməkdən əvvəl 3 ədəd xırdalanmış zeytun çəyirdəyinin udulması bir sıra xəstəliklərdə faydalıdır.

Fitoterapevt Fizuli Hüseynov zeytun çəyirdəyinin faydaları barədə məlumat verib.

"Yaxşı olar ki, yetişib qaralmış zeytunlar toplanıb mətli hissəsi sürtgəcdən keçirməklə ayrılsın. Xatırladım ki, zeytun meyvəsinin lətindən soyuq sıxma üsulu ilə çox keyfiyyətli yağ almaq olur. Tumlar isə qurudularaq saxlanır və udmazdan öncə uc hissələri qayçı və ya kəlbətinlə qoparılır ki, udlağın və ya mədə-bağırsağın selikli qişasını zədələməsin. Qurudandan sonra üyüdülərək toz halında da istifadə oluna bilər", - deyə F.Hüseynov bildirib.

Fitoterapevtin sözlərinə görə, zeytun tumu və ya tozu udulan kimi mədə turşuluğunu azaldır, qısa zaman ərzində qastrit və eroziyaların sağalmasını sürətləndirir, ağrıları aradan qaldırır, kolit və bağırsaq yaraları zamanı qəbizliyi azaldır, babasili müalicə edir. Bir ay istifadədən sonra dərinin rəngini yaxşılaşdırır, orqanizmin yenilənməsini sürətləndirir və bədəni cavanlaşdırır. Zeytun tumları hormonal pozuntuları olanlar, öd qatılığından əziyyət çəkənlər və mədəaltı vəzin iltihabı olanlar üçün də faydalıdır.

Həkim həmçinin digər resepti də təqdim edib: yetişmiş zeytun meyvələri tumları ilə birlikdə kəlbətinlə əzilir, 2 kq-lıq balonun yarısına qədər doldurulur, üstünə balon tam dolana qədər alma sirkəsi əlavə edilir, ağzı tənziflə bağlanaraq 1 ay otaq temperaturunda saxlanır. Bir aydan sonra süzülərək şəkərli diabet xəstəliyində, yüksək təzyiqdə, qan damarlarının tıxanıqlığında (ateroskleroz), yüksək xolesterində, piylənmələrdə, infarktdan sonrakı dövrdə gündə 3 dəfə, yeməkdən sonra 1 xörək qaşığı məhlul 1 stəkan su ilə qarışdırılıb içilir.