Zukerberqin şirkəti insanların düşüncələrini oxumağı öyrənir
Meta şirkəti insanların fikirlərini oxuyan, yəni beyin fəaliyyətini deşifrə edən və onu nitqə çevirən süni intellekt sisteminin yaradılmasında əldə etdiyi uğurlardan danışıb.
Qazet.az xəbər verir ki, bu barədə Mark Zukerberqin rəhbərlik etdiyi texnologiya nəhənginin bloqunda məlumat verilib.
“Üç saniyəlik beyin fəaliyyətini öyrəndikdən sonra modelimiz insanların gün ərzində ən çox istifadə etdiyi 793 sözdən ibarət lüğətdən 73%-ə qədər dəqiqliklə müvafiq nitq seqmentlərini deşifrə edə bilib”, – məqalədə deyilir.
Bildirilir ki, texnologiya insana öz özü ilə danışmağa imkan verəcək, söz və ifadələr sistem tərəfindən qəbul edilərək mətn kimi göstəriləcək.
Eyni zamanda şirkət qeyd edir ki, AI texnologiyası quraşdırmaq üçün dəriyə nüfuz etməyə ehtiyac olmayan xarici sensorlardan istifadə edir.
Bloq əlavə edib ki, gələcəkdə süni intellekt söz və ifadələri daha dəqiq müəyyən edə biləcək. Layihənin məqsədi insanlara bir növ telepatik qabiliyyətlər bəxş etməkdir.