Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Əfqanıstan İslam Respublikasının milli təhlükəsizlik müşaviri Hamdullah Mohibi və Prezident Administrasiyasının rəhbəri Mohammad Şakir Kargarı qəbul edib.
Qazet.az xəbər verir ki, daha sonra nümayəndə heyəti Azərbaycan Respublikası Xarici İşlər naziri, eləcə də Azərbaycan Respublikası Müdafiə naziri ilə görüşlər keçiriblər.
Vətən müharibəsindən sonra Azərbaycana rəsmi səfərə gələn nümayəndə heyətinin tərkibi də təsadüfi seçilməyib.
21 dekabr 2020-ci il tarixində ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respublikasının Milli Təhlükəsizlik Şurasının müşaviri Hamdullah Mohib və Prezident Administrasiyasının rəhbəri Mohammad Şakir Kargar Xarici İşlər naziri Ceyhun Bayramovla görüş zamanı bir sıra məqamlara toxunublar. Görüşdə ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensialın olduğu qeyd edilib.
Politoloq İlqar Vəlizadə Qazet.az-a açıqlamasında bildirib ki, son günlər Azərbaycan-Əfqanıstan münasibətləri fəallaşıb. Regionda yaranmış yeni, geosiyasi reallıq ondan xəbər verir ki, Azərbaycan tam mənada regionun nəqliyyat açarı funksiyasını yerinə yetirməyə başlayıb.


“Regionda əsas nəqliyyat dəhlizləri Azərbaycandadır – şimal-cənub dəhlizi, qərb-şərq dəhlizi… Bu nəqliyyat infrastrukturları yenilənir. Türkiyə ilə Naxçıvanı birləşdirən əsas dəmiryolu xətti açılmalıdır. Bunun bərpası ilə bağlı artıq işlər gedir. Əfqanıstan kimi ölkə üçün bu, çox vacibdir. Bu ölkənin dənizlərə birbaşa çıxışı yoxdur. Digər tərəfdən, çox mürəkkəb qonşuluğu var. Əfqanıstan-Pakistan münasibətlərində gərginlik var. Pakistan ərazisindən keçən nəqliyyat dəhlizləri Əfqanıstan üçün böyük əhəmiyyət kəsb edirdi. Son illər isə vəziyyət dəyişilib. Əfqanıstan şimala və şimal qərbə üz tutmağa başlayıb. Əfqanıstanın qonşuları İran, Türkmənistan və Özbəkistandır. Bu ölkələr vasitəsilə Xəzər dənizi, oradan da Azərbaycan vasitəsilə Cənubi Qafqaz ölkələri və Qara dəniz hövzəsinə çıxmaq şansı qazanır. Bu nəqliyyat infrastrukturu çox sərfəlidir. Əfqanıstanı Avropa İttifaqı və NATO ölkələri ilə birləşdirir”.
– İlqar Vəlizadə (Politoloq)
Qara dənizdə uzun illərdir Türkiyə də daxil olmaqla, Gürcüstan, Azərbaycan, Türkmənistan, Əfqanıstan marşrutu fəaliyyətdədir. Bu, Lazurit dəhlizidir. Lazurit dəhlizi ilə külli miqdarda hərbi texnika, sursat və ölkə üçün vacib olan digər mallar Avropa istiqamətindən Əfqanıstana daxil olur.
“Bu dəhlizin reallaşması, yerli oyunçuların iqtisadi potensiallardan bəhrələnməsinə imkanlar verir. Burada həm Türkiyə, həm Azərbaycan, həm də Özbəkistanla Tacikistan Əfqanıstan üçün donor ölkələr sayıla bilər. Ölkə ərazisində infrastruktur layihələrin həyata keçirilməsində, maliyyənin cəlb edilməsində bu, yaxşı mənbədir.
Azərbaycan təkcə Qara dəniz hövzəsindən Əfqanıstana yüklərin daşınmasını təmin etməməlidir, digər istiqamətlərdə də – məsələn şimal-cənub dəhlizinin potensialından istifadə edərək Rusiyadan Azərbaycan vasitəsilə mallar Əfqanıstana yönələ bilər.
Xəritəyə baxsaq görərik ki, bu imkanlar yalnız Azərbaycandadır. Şimal-cənub dəhlizində, eləcə də şərq-qərb dəhlizində Azərbaycan iştirak edir”.
Şübhəsiz ki, bu yüklər Əfqanıstan üçün strateji xarakter daşıyır – vacib yüklər olduğu üçün təhlükəsizlik önəmlidir. Səfərlər və nümayəndə heyətləri də təsadüfi tərtib edilməyib. Azərbaycan Əfqanıstan üçün həm nəqliyyat qovşağıdır, həm gələcək üçün investisiya tərəfdaşı ola bilər.
Regiondakı mövcud hərbi-siyasi reallıq onu göstərir ki, Azərbaycan həm də hərbi, yəni təhlükəsizlik baxımdan Əfqanıstan üçün önəmli tərəfdaş ola bilər. Əfqanıstan Azərbaycanın hərbi gücünü öyrənə bilər. Bunun üçün də səlahiyyətli nümayəndələr mütəmadi olaraq Azərbaycana gəlir və danışıqlar aparırlar.