Milli Məclisin yeni mətbuat katibi Ceyhun Əli ilə – MÜSAHİBƏ

Tanınmış teleaparıcı Ceyhun Əli Azərbaycan Respublikası Milli Məclisinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilib. Qazet.az onunla müsahibəni təqdim edir.

- Advertisement -

– Ceyhun bəy, aparıcı və telejurnalist daima özünü inkişaf etdirməlidir. Mütaliə, filmlər, xarici həmkarlarını izləmək, kumirlər seçmək… Siz bir telejurnalist kimi özünüinkişaf üçün nə edirsiniz?

– Sadaladıqlarınız peşəyə sahib olub, püxtələşdikdən sonra etdiklərimizdir. Bəlkə də “daha nə etməliyəm?” sualını versək, daha dəqiq olar. Bu elə bir sahədir ki, sən mütəmadi olaraq öz üzərində çalışırsan, davamlı olaraq öyrənirsən. Bizim alışdığımız formal təhsil üsulu müasir dövrdə telejurnalist üçün kifayət deyil. Çünki dövr dəyişir, dünya artıq Dördüncü Sənaye inqilabını yaşayır. Bu baxımdan informasiyanın istehsal və istehlak sürəti artıb. Amma kontent və tərkib sual doğurur. Bu gün biz informasiyanı yalnız televiziyadan, radiodan, qəzetdən, xəbər saytlarından almırıq. İstəsək də, istəməsək də informasiya görünən və ya görünməyən formada bizə təqdim edilir. Müasir dövrdə görünməyən informasiyanın insan beyninə daxil olması daha geniş vüsət alıb. Bəlkə də ona görədir ki, ənənəvi informasiyaya olan maraq azalıb. İnsanlar informasiyanı qəbul etsələr də, onu yadda saxlamaqda çətinlik çəkir. İnformasiyanın hazırlanması artıq istehsalçılardan daha yüksək peşəkarlıq tələb edir. Bu baxımdan media menecerləri və mütəxəssislərindən, o cümlədən teleaparıcılardan da gözləntilər çoxalıb. Mənim günüm müxtəlif xarici telekanallardan xəbərlər almaqla, internet qəzetlərini oxumaqla və fəaliyyət istiqamətlərimin müxtəlifliyi ilə bağlı vacib olan məlumatları toplamaqla başlayır. Sonra isə gündəlik fəaliyyətlə yanaşı mütaliəyə də vaxt ayırmağa çalışıram.

– İndi nəyin üzərində çalışırsınız?

– Aparıcı olaraq fəaliyyətimlə bağlı daha çox auditoriya ilə ünsiyyətdə daxili enerjinin əhəmiyyətini öyrənirəm. Hazırda EQ- emosional zəkanın tətbiqi ilə yanaşı VQ (red: Vitality Quotient – canlılıq əmsalı) ifadəsinə də rast gəlirik. VQ insan enerjisinin idarəolunması və qavranılması prosesidir. Artıq Qərb və Avropa ekranları və səhnələrində emosional zəka uğurla tətbiq edilir. Diqqətlə düşünsək , nitq mədəniyyətinin kökündə emosional təməl mövcuddur. Bu baxımdan öyrənə biləcəyimiz çox nəsnə var. Bütün fəaliyyət dövrümdə mənə maraqlı olan işlə məşğul olmağa çalışmışam. Çünki sevmədiyin işi sevməyin yolunu öyrənmək çox çətindir. Elə vaxtlar olub ki, mən ümumiyyətlə fəaliyyət göstərməmişəm, sadəcə olaraq susmuşam. Buna mənim daxili ehtiyacım olub.

– Siz Azərbaycan televiziyasında özünəməxsus yeri olan diktorlardan, xüsusilə də Rafiq Hüseynlidən dərs almısınız. O dərslər sizə nə verdi?

– Demək olmazdı ki, biz sırf tələbə-müəllim münasibətində olmuşuq. Mərhum müəllimimiz Rafiq Hüseynli haqqında Rafiq Həşimovun rejissoru olduğu “Diktor” filmində bir epizod var. Sevimli həmkarımız Nərgiz Cəlilova dedi ki; “Rafiq Hüseynlinin dərslərində hər gün iştirak etmək və dərs almaq vacib deyildi. Onun gündəlik nitqini dinləmək və eşitdiklərini qavramaq özü bir dərs idi”. Çünki, Rafiq müəllim külçə idi. Külçənin isə aşılanmasına ehtiyac yoxdur. O, özü-özünü cilalayır. Rafiq Hüseynli həm bizim üçün, həm də Azərbaycan teleməkanı və tamaşaçısı üçün o insanlardan idi ki, peşəkar diktor kimi nümunə göstərirdi. Bizə bu sənəti heç bir təmənna güdmədən öyrətdiyi üçün ona minnətdaram. Onun tək gözləntisi tələbələrinin bu sənəti sevməsi idi. Nitq elə bir anlamdır ki, sevmədən ona yiyələnmək mümkün deyil. Danışdığın dilin necə zəngin və hətta musiqili olması bu dildə danışan natiqin nitqi ilə canlanmış olur. Nitq fikrin məhdud təsviridir. Yəni, yaşantımız və düşüncələrimiz daha dərin və genişdir. Dilimizdə sözlü təsfir ifadəsi var. Çıxış edənin fikirlərinin rəngarəngliyini, əlvanlığını onun nitqində tam dolğunluğu ilə eşitməyə bilərsən. Amma mütləq şəkildə hiss edəcəksən. Çünki, səsini və intonasiyasını duyursan. Bu daxili vəziyyətlə bağlıdır. İnsan necə yaşayırsa, nitqi də elə formalaşır.

– İnsanın öyrənmək qədər öyrətmək ehtiyacı da olur. Ustadlarınızdan danışdınız. Sizin də nitq mədəniyyəti pedaqoqu kimi fəaliyyətiniz var. Hazırda o istiqamətdəki fəaliyyətiniz nə yerdədir?

– Deməzdim ki, öyrədirəm. Mən sadəcə təcrübəmi bölüşürəm. Çalışıram ki, təcrübələrimi, öyrəndiklərimi paylaşım. Mənim üçün vacib olan nitq mədəniyyətinə yiyələnmək istəyənlərin buna sevgi ilə yanaşmasıdır. Çünki, sevgi varsa insan bununla yaşayır, hər an bunu düşünür və bu durum onun daxili vəziyyətinə təsir edir. Çalışıram ki, nitqə sevgi və maraq oyadım.

– Xəbər spikeri, tədbirlərin aparıcısı, nitq mədəniyyəti pedaqoqu… Bu fəaliyyət  sizdə tükənmək qorxusu yaşatmır?

– Maraqlı sualdır. Mən özüm də bu barədə düşünmüşəm. Televiziya və səhnənin fərqi nədədir? Televiziya sənin topladığın enerjinin və biliklərin təqdimat zonasıdır. Sən televiziyada öyrənmirsən, əksinə, öyrəndiklərini təqdim edirsən. Səhnədə isə sən birbaşa olaraq tamaşaçı salonu və auditoriyanın enerjisini hiss edirsən və bunun nə dərəcədə məsuliyyətli olduğunu anlayırsan. Çünki, aparıcısı olduğum tədbirlərin formatları müxtəlifdir. Əgər bir gün sən biznes forumda çıxış edirsənsə, növbəti gün sən artıq sığorta konfransını apara və yaxud bir tibb simpoziumunun moderatoru qismində çıxış edə bilərsən. Bu baxımdan sən həmin sahələrlə bağlı ən azından ilkin biliklərə malik olmalısan və ünsiyyət dairəndə həmin mühitdən adamlar olmalıdır. Tədbirlərdə aparıcı olmaq təklifi ediləndə həmin mərasimin hazırlıq prosesində də iştirak etməyə çalışıram. Aparıcısı olduğum əksər tədbirlərin ssenarilərinin yazılmasında iştirak edirəm və bu, mənə mətnin həmmüəllifi olmağa imkan yaradır. Mənə hazır mətnlərin verilməsinin əleyhinəyəm. Aparıcı diktor rolunu oynamamalıdır. Spesifik məqamlarda isə çalışıram ki, mənə verilən mətnləri öz üslubuma uyğunlaşdırım. Səhnədə təqdim etdiyin mətni daxilindən keçirməmisənsə, hiss olunur ki, aparıcı sadəcə başqasının hazırladığı mətni oxuyur. Məndə bu mənada tükənmək qorxusu yox, çalışmaq, daha çox oxumaq və öyrənmək istəyi formalaşır. Digər tərəfdən efirdəki fəaliyyət səhnədəki inkişafa, səhnədəki çıxışlar isə efirdəki davranışına təsir edir.

– Ceyhun bəy, uzunmüddətli planlar quranda Jurnalistikada təqaüdə çıxandan sonra necə bir fəaliyyət sahəsi düşünürsünüz?

– Mənim təqaüd yaşıma hələ çox var. Yaşım 36-dır və təqaüdə çıxıb işsiz qalacağımı düşünmürəm (gülür). Fəaliyyət sahəmdən asılı olaraq, nitq mədəniyyəti məni tədbirlərdə spikerlik etməyə sövq etdi, hazırda PR və nüfuz menecmenti (red: Şəxsi reputasiya, Avropa ölkələrində geniş yayılıb) ilə bağlı konsultasiyalar edirəm. Bu mənada çalışıram ki, öyrənə biləcəyim sahələrin sayı artsın. İstər bu sadaladıqlarım, istərsə də pedaqoji fəaliyyət… Hətta bir hobbimi biznesə çevirmək haqqında da düşünürəm.  

– Biz müsahibə üçün danışanda geyim seçimi üçün məkanın fonunu soruşdunuz. Bu sizin məsuliyyətinizi göstərir. Bütün işlərinizdə belə diqqətcilsiniz?

– Cümlədə yazılan vergülün jurnalistin, aparıcının ifa tərzinə təsiri olduğu kimi, detalların da əhəmiyyəti az deyil. Sənin oxucu və tamaşaçı qarşısında ikinci dəfə eyni çıxış etmək şansın olmur ki, səhvini düzəldəsən. Nitqdə “Bu mümkün deyil” cümləsi ilə “Bunu necə mümkün etmək olar?” sualı arasındakı fərq olduğu kimi detallar da əhəmiyyətlidir. Halbuki, iki balaca cümlədir. Birinci cümlə təsdiqdir və sən insanı gümansız buraxa bilərsən, ikinci cümlədə isə ümid verirsən. Mənim üçün toxunduğum hər şeyin bir əsası və səbəbi var. Belə yaşamaq bəlkə də çətindir, amma məndə başqa cür alınmır.

– Əməkdaşı olduğunuz İctimai Televiziyanın fonunda son bir ildə Azərbaycan teleməkanında olan dəyişikliklərə və yeniliklərə münasibətiniz maraqlıdır…

– Mən çox sevinirəm ki, İctimai Televiziya tamaşaçının darıxdığı verilişlər, proqramlar, tok-şoular təqdim edir. Mən bir televiziya nümayəndəsi olaraq bunu çox gözləyirdim. Telekanal rəhbərliyi məni əməkdaşlığa dəvət edəndə bizim uzunmüddətli və bir neçə görüşümüz oldu. Əvvəl ATV-də çalışırdım. Mən televiziyanı evim olaraq görürəm. İyirmi yaşımdan əmək fəaliyyətimə məhz televiziyada başlamışam. Bu baxımdan, İTV rəhbərliyinin baxışını bilmək mənim üçün önəmli idi. Həm də öz fəaliyyətimdə dəyişiklik etmək və növbəti mərhələyə keçmək istəyirdim. Müzakirələrdən sonra qərara aldıq ki, sınayaq. Düzdür, mən ATV-dən çıxanda həmin komandadan ayrılmaq asan deyildi. Çünki alışdığım, dostlaşdığım, doğma insanlar idi. Amma gələcək öhdəliklərim üçün mən bu seçimi etməli idim. Bu günə qədər fəaliyyət göstərdiyim layihələrdə çalışmışam ki, tamaşaçılara minnətdarlıq hissimi ifadə edim. Öz öhdəliyimə düşən fəaliyyəti layiqincə yerinə yetirməyə çalışıram. İlk növbədə öz gözləntilərimi doğrultmağa, qarşıma qoyduğum məqsədlərə çatmağa çalışıram. Bütün bunlar tamaşaçı tərəfindən də müsbət qarşılanırsa, bu məni çox məmnun edir.

Söhbət etdi: Orxan Cuvarlı

Fotolar: Firudin Səlimov

Avatar
Müseyib Baxşəliyev
Xəbər müəllifi

İranda kütləvi dini tədbirlərin keçirilməsi qadağan edilib

Bunu İran Prezidenti Həsən Ruhani Dövlət Televiziyasında çıxışında bildirib

Ermənistanın 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edilib

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib

Hikmət Hacıyev: “Yaranmış vəziyyətə və hadisələrin gələcək inkişafına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür” – BƏYANAT

Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bəyanat yayıb

Ermənistanda polis şöbəsinin rəisi və əməkdaşları saxlanılıb

Hadisə ilə bağlı həmçinin Nor Nork rayonunun Polis Şöbəsinin rəisi də saxlanılıb