Kəlbəcər bizim qədim torpağımızdır. Qədim Azərbaycan torpağıdır. Kəlbəcər ərazi baxımından bizim ən böyük rayonlarımızdan biridir. Kəlbəcərin tarixi abidələri bizim böyük sərvətimizdir.
Qazet.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib. Dövlət başçısı bildirib ki, həm məscidlər, həm kilsələr bizim tarixi sərvətimizdir:
“Azərbaycan xalqı onu yaxşı bilir və bütün dünya bilməlidir ki, Kəlbəcərdə mövcud olan kilsələr qədim Qafqaz Albaniyası dövlətinə məxsusdur. Bunu təsdiqləyən bir çox tarixi sənədlər var. Bu, heç kəsə sirr deyil. Sadəcə olaraq, erməni “tarixçiləri” və saxtakarlar qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər, öz yazılarını oraya əlavə ediblər və bu kilsələri özününküləşdiriblər. Tarixə baxmaq kifayətdir, hər kəs görsün ki, 1830-cu illərdə çar Rusiyası alban kilsəsini ləğv etdi, alban kilsəsinin bütün mülkiyyətini erməni Qriqoryan kilsəsinə verdi və erməni keşişləri, onların havadarları bu kilsələri mənimsəməyə başladılar. Qafqaz Albaniyasının tarixini silmək, unutdurmaq onların başlıca vəzifəsi idi. Amma biz imkan vermədik. Azərbaycanda bu məsələ ilə bağlı kifayət qədər böyük elmi baza var, əsərlər var. Bu əsərlər nəinki elm ictimaiyyətinə, bütövlükdə dünya ictimaiyyətinə çatdırılır və çatdırılmalıdır.
Qafqaz Albaniyası böyük dövlət olub. Onun paytaxtı Qəbələ şəhəri olub. Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir. Biz bu kilsələri qoruyuruq. Mən bu kilsələrdə dəfələrlə olmuşam, Şəki şəhərində, Qəbələ rayonunda, Udi kilsəsində. Bildiyiniz kimi, müharibə dövründə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nic qəsəbəsində qədim Udi Qafqaz Albaniyası kilsəsinin təmir işləri yekunlaşdı və bu kilsənin açılışı oldu. Biz bu kilsələri mədəni sərvətimiz kimi qoruyuruq. Ona görə, heç kim narahat olmasın. Bu kilsələr bundan sonra da dövlət tərəfindən qorunacaq”.