Rinqdə ağırlıq qaldıran yaponiyalı gənc sumo güləşçiləri arasında 10 yaşlı Kyuta Kumaqai xüsusilə fərqlənir.
Qazet.az-ın xəbərinə görə, 85 kiloqram çəkiyə malik Kyuta yaşıdlarından iki dəfə iridir və özündən beş-altı yaş böyüklərlə güləşərək onları məğlub edir.
O, ötən il İngiltərə və Ukraynadan olan rəqiblərini üstələyərək 10 yaşa qədər sumo güləşçiləri arasında dünya çempionu olub.
Atası Taysukenin hazırladığı məşq rejimi “amansızlığı” ilə diqqəti cəlb edir.
Kyuta həftənin altı günü ya yerli sumo klubunda güləşir, ya da məşq zalında ağırlıq qaldırır. Sumo güləşi üçün lazım olan elastikliyi və cəldliyini inkişaf etdirmək üçün isə yüngül atletika ilə məşğul olur.
Keçmiş həvəskar sumo güləşçisi olan Taysuke bu idman növü ilə bağlı oğluna heç nə öyrətmədiyini bildirib: “Ona heç bir şey öyrətməmişəm. Sumo üçün istedad lazımdır və onda da bu var”.


“Sumoda uğur qazanmağın açarı pəhrizdir”
Kyuta bir gündə ortalama bir litrdən çox süd və bol miqdarda protein daxil olmaqla, 2700-4000 kalori istehlak edir. Steyk isə onun favoritidir.
İki il ərzində, orta məktəbə daxil olana qədər çəkisini daha 20 kiloqram artıra bilsə, yüksək profilli sumo heyətinə daxil edilə bilər.
Kyuta ağır məşq prosesləri səbəbilə bəzən karyerasını bitirmək barədə düşünsə də, hələlik ata və oğulun zirvəyə gedən yolu sürətlə davam edir.