Bakı 17˚C Mostly sunny

Qazet.az-ın uşaqlığı və uşaqları - FOTO 

Multimedia 14:35 01 iyn, 2022

Qazet.az-ın uşaqlığı fotolarda

Qazet.az-ın uşaqlığı və uşaqları - FOTO 

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. 
Ölkəmizdəki bütün uşaqları təbrik edir, sağlam, hüzurlu, vətənə layiqli övladlar kimi yetişmələrini diləyirik. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir.
Şəkillər bizim keçmişimizin dondurulmuş anıdır. Biz də bu gün  keçmişimizi, ömrümüzü, ən gözəl anlarımızı, xatirələrimizi bir alboma sığdırırıq. Yaş ötdükçə şəkillərə baxıb köks ötürür, gülür, sevinirik. Sanki albomdakı uşaqlığımız bir anda şəkillərdən çıxaraq həyata qarışır, yenidən uşaq olmaq istəyi keçir könlümüzdən. Biz həm də öz analarımızın, atalarımızın keçmişiyik. İstəsək də, istəməsək də genetik olaraq onların kodlarını daşıyırıq. 

Bax, məsələn, mənim heç vaxt foto-albomum olmayıb. Çünki anam hirslənib albomuzu yandırmışdı. Mən cəld tərpənib bir neçə şəkili xilas edə bilmişdim. Bir şəkildə atamın ayaqları yanmışdı, digər şəkildə ürəyi. O vaxtdan bu yana şəkilləri alboma yığa bilmirəm. Zatən elektronlaşmış dünyada buna bəzən ehtiyac da duyulmur. Ancaq mən həmişə albomu olan ailələrə həsəd aparırdım. Hüznlü notlardan uzaqlaşmaq istəyirəm, çünki bu gün özəl gündür. Albomlarda öz uşaqlığına baxmaqdan qorxan insanlar var. İçində hələ də uşaqlığını öldürməyən, ruhən uşaq qalan insanlar var. Diləyirəm ki, içimizdəki uşaqlıq toxumları cücərsin, heç vaxt solmasın və təmiz qalsın. 

Qazet.az-çılar uşaqların bayram günündə  öz uşaqlıq şəkillərini və övladlarının fotolarını təqdim edir.

Görün redaksiya albomundan sizə baxan bu uşaqları tanıyacaqsınızmı?!