Rus bölməsində tarix dərsi ana dilində keçirilir? - Nazirlikdən AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Bakı şəhərinin 20 orta məktəbində "pilot" layihə olaraq Rus bölməsi beşinci sinifdə oxuyan şagirdlərə Azərbaycan tarixi fənni Azərbaycan dilində keçirilir. Pedaqoq dərsi Azərbaycan dilində izah edir, lakin şagird ev tapşırığını rus dilində oxumalı olur. Bu da şagirdlər arasında müəyyən çaşqınlıq yaradır.
Bəs, görəsən, rus bölmələrində "Azərbaycan tarixi" dərsinin ana dilində keçirilməsinin ideyası nədir?
Məsələ ilə bağlı Qazet.az-ın əməkdaşı Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehovdan açıqlama alıb.
Valehov bildirib ki, bu layihənin məqsədi digər dillərdə təhsil alanların dövlət dili kimi Azərbaycan dilinə, Azərbaycanın tarixinə, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunmasını təmin etmək məqsədi daşıyır.
"Elm və təhsil nazirinin F-544 nömrəli 13 sentyabr tarixli əmrinə əsasən, 2022-2023-cü tədris ilində ölkənin 20 ümumi təhsil müəssisəsinin tədris digər dillərdə aparılan bölmələrinin V siniflərində Azərbaycan tarixi fənni dövlət dilində tədris ediləcək. Azərbaycan dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən biri kimi istifadəsi və tətbiqi imkanlarının genişləndirilməsi, digər dillərdə təhsil alanların dövlət dili kimi Azərbaycan dilinə, Azərbaycanın tarixinə, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunmasını təmin etmək məqsədi daşıyır.
Cari ildə 20 məktəbdə pilotun nəticələri təhlil edildikdən sonra növbəti il üçün qərar qəbul ediləcək".