İnsan taleyi cəmiyyət tərəfindən təcavüzə uğrayarsa - RESENZİYA
Kino13:3023 iyun, 2022

“Kinozavr” layihəsində bu dəfə Danimarkanın soyuqluğunu hiss edəcəksiniz

İnsan taleyi cəmiyyət tərəfindən təcavüzə uğrayarsa - RESENZİYA
Bizi-da oxuyun

Qazet.az “Kinozavr” layihəsində bu dəfə skandinav filmi olan “Jakten” (Ovçu) filmini təhlil edəcək.
 

Filmi çağdaş Danimarka cəmiyyətinə güzgü tutan, “universal” rejissor Tomas Vinterberq ekranlaşdırıb. 
Qeyd edək ki, rejissor Danimarkanın 85-ci Akademiya Mükafatına layiq olan ilk 5-likdə yer alıb. Filmin baş qəhrəmanı Mikkelsen isə 2012-ci ildə Kannda ən yaxşı aktyor mükafatını tənhalıqda yıxılmamaq üçün mübarizə aparan bir adamı canlandırdığına görə qazanır.
Filmdə rejissor cəmiyətdə baş verən, mühüm sosial problemə işıq salır. 
Eyni zamanda film boyu cəmiyyətin problemlərə skandinav soyuqluğu ilə yanaşması da təəccübləndirir. Kütlə psixologiyasının təsirlərini film boyunca görə bilərik. Haqqında danışacağımız hadisə bizim cəmiyyətdə baş versəydi tamam fərqli münasibətlə qarşılaşardıq. İnsanlar bəzən yaşadığı bölgəyə uyğunlaşaraq regional xarakterlər ortaya çıxarır.
İstedadlı və təkrarsız Mad Mikklesen Lukas obrazını canlandırır. Qəhrəman Danimarkanın kiçik qəsəbəsindəki uşaq bağçasında müəllim işləyir və şəhər camaatı Lukasa hörmət edir. Lukas həyat yoldaşından boşanıb, qəsəbədə tək yaşayır. Yeniyetmə oğlu isə anası ilə bərabər qalır. Oğluna həsrət qalan Lukas ona qovuşmaq üçün əlindən gələni edir. Boş vaxtlarında dostları ilə birlikdə meşəyə ova gedir. Qəsəbənin ən yaxşı ovçularındandır. Bağçada işləyən qadınla münasibətə başlayıb. Sakit təbiətli Lukas həyatını yoluna qoymağa çalışır. Bağçaya Lukasın ən yaxın dostunun 5 yaşlı qızı Klara da gəlir. Lukasa çox bağlanıb, onu çox istəyir. Valideyin sevgisindən və arzuladığı diqqətdən məhrum olan qızcığaz Lukasa sığınır. Hətta bir dəfə Lukasa sevgi məktubu yazır, müəllimini dodağından öpür. Bu vəziyyətdən narahat olan Lukas qızcığaza etdiyi hərəkətin yanlış olduğunu izah edir. Klara isə müəllimindən inciyir. 
Klaranın ərgən qardaşı pornoqrafik video izləyərkən təsadüfən görüntüləri balaca Klara da görür. Bu görüntülər Klaranın təhtəlşüurunda qalır və müəlliminə duyduğu sevgi ilə birlikdə beynində bir hekayə qurur. Klara bağça müdirinə müəllimi tərəfindən təcaüzə uğradığını uydurub danışır.  Daha sonra bütün qəsəbəyə yayılan bu qorxunc hadisə Lukasın həyatını məhv edir. “Uşaqlar yalan danışmaz” ifadəsini əllərində bayraq edən cəmiyyət Lukası incitməyə başlayır. 

Film kiçik bir hadisənin insanın həyatını necə məhv etdiyini izah edir. Ancaq rejissor tamaşaçı üçün Lukasın günahsız olduğunu açıq kartlarla göstərir. Əgər bizim kimi cəmiyyətdə belə bir film daha üstüörtülü formada ekranlaşsaydı izləyici Lukasın günahkar olduğundan şübhələnəcəkdi. Lukas həm sosial, həm də iqtisadi cəhətdən çökmüş vəziyyətdədir.



Kütlə psixologiyası

Şəhər əhalisinin Lukasa yanaşmasına baxdıqda görürük ki, insanların bir-birinə təsir gücü çox böyükdür. “Kütlədə şüurdan məhrum fərdlər öz unikal düşüncə sistemini və şəxsiyyətini, ideyalarını sorğulamaqdan uzaq düşür”. Kütlədəki hər kəs eyni məqsəd və baxışı qəbul edir. Filmdə də bu aydın şəkildə öz əksini tapır. Klaranın səhv və gerçək olmayan təəssüratı nəticəsində əvvəlcə uşaq bağçasının müdirinə və psixoloqa təsir görürük, daha sonra bu təsir artır və bütün şəhəri zəbt edir. İnsanların sayı artdıqca onların imana bağlılığı da artır. Lukas yaxınlıqdakı marketə belə gedə bilmir, şiddətə məruz qalır. Lukasın tənha və çarəsiz, tələyə düşmüş anlarını rejissor geniş bucaqlı obyektivlə tamaşaçıya çatdırır. 


 
“Hər kəs tərəfindən qəbul edilmiş fikirlər insanı sadəcə kütlə içində olduğu zaman göstərdiyi şəxsiyyətə çevirir”. 
Bəli, insan taleyini həll edən bir məqamda kütlə psixologiyasına sosial xurafat, cahillik demək olar.
Filmin adının “Ov” olması da əbəs yerə seçilməyib. “Ov” nəsildən-nəsilə keçən, ənənəvi bir fəaliyyətə çevrilən bu kiçik qəsəbədə əslində ovlanan insan taleyidir. 
Əslində 5 yaşlı uşağın yox, yetgin bir insanın, taleyin cəmiyyət tərəfindən təcavüzə uğradığını görürük. 
Bizim coğrafiyamızda da, elə avropada da izdihamın çoxaldığı hər mühitdə ziyalılar azalır. Məhəllə təzyiqi, namus qavrayışı, linç mədəniyyəti, təqib, zorlama, zülm, zorakılıq və sair kimi yüzlərlə anlayışın olduğu bir ölkədə heç nə “ov” olmaqdan asan olmamalıdır.
Lukas uzun aylardan sonra oğlu ilə birgə qəsəbəyə qayıdır. Məhkəmə onun günahsız olduğunu isbat etsə də cəmiyyət Lukasa təcavüzkar damğasını vurub artıq. Qəsəbənin ova çevrilmiş ən yaxşı “ovçu”su dostları ilə birlikdə meşəyə ova yollanırlar. Qəsəbə əhli Lukası “sevgi” və “ehtiramla” qarşılayır. Ancaq görünən odur ki, bu sevgi dırnağarasıdır. Ov zamanı kimsə bilərəkdən Lukası nişan alır. Ancaq güllə Lukasdan yan keçərək ağaca dəyir. Çünki bu nişan Lukasa bir xəbərdarlıqdır. Nişan alan adamın kimliyi isə günəşin şəfəqlərində qeyb olur. 
Yəni, aradan keçən zamana baxmayaraq cəmiyyətin xofu hələ də səngiməyib. Lukas həmişə tətikdə gözləyən bir ov olaraq yaşayan ölü olacaq. Titrəyən ceyran balası tək tətikdə qalacaq.



Dəniz Pənahova



 


 

Fikriniz