Azərbaycan neftinin bahalaşması büdcə kəsrini bağlamağa kömək edəcək - TƏHLİL
Eksklüziv16:0210 fevral, 2021

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb

title
Bizi-da oxuyun

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

Qazet.az-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,58 ABŞ dolları və ya 0,95% artaraq 61,69 dollar təşkil edib.

Ötən həftə ərzində (1-5 fevral) dünya bazarında "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 58,91 dollara bərabər olub. Bu, əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,7 dollar və ya 4,8% çoxdur. Belə ki, ötən həftə ərzində ən yüksək göstərici (V gün) – 60,51 dollar təşkil edib, ən minimal göstərici (I gün) isə 56,68 dollar səviyyəsində olub.

Neft qiymətlərində artım neft emalı zavodları tərəfində tələbatın yüksəlməsi ilə əlaqələndirilir. Neft qiymətinin hazırkı səviyyəsinə təsir göstərən digər önəmli faktor isə OPEC+ tərəfindən neft hasilatına qoyulan məhdudiyyətlərdir.

Qazet.az-ın suallarını cavablandıran SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov bildirib ki, OPEC+ kvotalarından əlavə, Səudiyyə Ərəbistanı əlavə olaraq öz hasilatından könüllü şəkildə gündəlik 1 milyon barel azaldıb. Baş verən proseslər Azərbaycan neftinin qiymətinə də təsirsiz ötüşmür.


"Dünyada COVID-19 əleyhinə vaksinasiya davam etdikcə neftə olan tələbatın yüksəlməsi gözlənilir. Lakin təklif tərəfində OPEC+ məhdudiyyətlərinin yumşaldılması gec-tez baş verə bilər. Ehtimal olunur ki, OPEC+ formatının iştirakçılarının hamısı daha da yüksək qiymətlərin tərəfdarı deyil. Buna görə bəzi təhlilçilər bu il qiymətlərin əsasən 55-60 dollar dəhlizində inkişaf etməsini gözləyir, ancaq arabir 70 dollara qədər yüksəlməsi də istisna deyil".

- İbrahim Əhmədov


Gələn il neft qiymətlərinin səviyyəsi ilə bağlı müxtəlif baxışlar var.

Belə ki, bəziləri qiymətlərin 100 dollara qədər yüksələcəyini, bəziləri isə hazırkı vəziyyətdən bir qədər yüksək olacağını gözləyir. Bütün hallarda gözlənti budur ki, qiymətlər yaxın zamanda hazırkı səviyyədən (55-60 dollardan) davamlı şəkildə aşağı düşməyəcək.

"Lakin bu cür proqnozları zaman-zaman alt-üst edən "qara qu quşuları" (proqnozlaşdırılması mümkün olmayan faktorlar - red.) peyda ola bilər. Necə ki, COVID-19 pandemiyası ötən il dünya iqtisadiyyatı ilə bağlı bütün əvvəlki proqnozları alt-üst etmişdi. Yeni bir "qara qu quşu" istisna etmək şərti ilə, neft qiymətlərinin yaxın zamandakı inkişafı ilə bağlı müəyyən qədər nikbin proqnoz vermək olar".

Bahalaşma Azərbaycan dövlətinin büdcə kəsrini bağlamağa kömək edəcək.

"Neftin qiymətinin dövlətimiz tərəfindən bu il üçün əsas götürülmüş proqnozdan daha yüksək olması yəqin ki, dövlət büdcəsinin kəsrini bağlamağa və hətta Neft Fondunda əlavə vəsaitlərin cəmləşməsinə, eləcə də daxil olmuş vəsaitlərin dəyərinin artırılması üçün müxtəlif maliyyə alətləri vasitəsilə investisiya qoyuluşlarına şərait yarada bilər. Əlbəttə, il üzrə neftin ortalama qiymətindən bəhs etmək hələ çox erkəndir, amma deyə bilərik ki, bu il ümumilikdə neft sənayesi və Azərbaycan üçün bu cəhətdən yaxşı başlayıb".
— İbrahim Əhmədov

"Azeri Light" nefti niyə dəyərlidir?

"Azeri Light" nefti "şirin" deyilən, yəni kükürd tutumu aşağı və yüngül olan neft növlərinə aiddir. Onun qiymətinin bəzi başqa növlərlə müqayisədə bir qədər yüksək olması bir tərəfdən neftin xüsusiyyətləri ilə, digər tərəfdən isə satış bazarlarında həmin neftə olan tələbatla bağlıdır.

"Misal üçün, birjalarda ticarət olunan "Brent" və "WTI" neftlərini götürsək, son illərdə "Brent" adətən "WTI" neftindən baha olub, amma keçmişdə "WTI" neftinin "Brent"dən daha yüksək qiymətə satılan vaxtları da olub. Eləcə də, "Azeri Light" neftinin qiyməti adətən "Brent"dən 1-2 dollara qədər yüksəkdir. Bəzi dövrlərdə bu fərq 5 dollara qədər yüksələ, bəzən isə "Brent" neftinin qiyməti "Azeri Light"dan yüksək ola bilər. Yəni neftin qiyməti yalnız onun kimyəvi xassələrindən deyil, bazar şəraitindən də asılıdır".


Tehran Orucoğlu / Qazet.az

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0

Eksklüziv

Hamısına bax