Metyu Brayza: “Hadisələr indiki kimi davam etsə, Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək” – EKSKLÜZİV

Sentyabrın 27-dən etibarən təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin təxribatına cavab olaraq Azərbaycan ordusu tərəfindən həyata keçirilən uğurlu əks-hücum əməliyyatları bu gün də davam etməkdədir. Azərbaycan ordusunun sarsıdıcı zərbələri nəticəsində həm canlı qüvvə, həm də texnika baxımından böyük itkilər verən düşmən geri çəkilməkdə, döyüş mövqelərini qoyub qaçmaqdadır.

Hazırda Dağlıq Qarabağda cərəyan edən hadisələrlə bağlı Qazet.az-a danışan ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri, Amerikanın Azərbaycandakı sabiq səfiri Metyu Brayza bildirib ki, Azərbaycan hazırkı müharibəni çox ağıllı şəkildə aparır və belə getsə, Azərbaycan Ordusu işğal olunmuş ərazilərin geri qaytarılması istiqamətində uğur əldə edəcək.

  • Ermənistan beynəlxalq hüquq normalarını pozaraq yalnız münaqişə zonasında deyil, həmçinin Azərbaycan Respublikasının digər şəhərlərindəki mülki əhalini atəşə tutur. Sizin fikrinizcə, dünya ictimaiyyəti bununla bağlı hansı tədbirlər görməlidir?
- Advertisement -

“Erməni silahlı qüvvələrinin Azərbaycan şəhərlərindəki mülki insanları atəşə tutmasından xəbərdaram. Düşünürəm ki, Azərbaycan bu müharibəni çox ağıllı şəkildə aparır. Ermənistanın müdafiə xətlərini yarmaq üçün çox sayda əsgərlə ağır hücuma keçməkdənsə, Azərbaycan düşmənin hava hücumundan müdafiə sistemləri, tanklar, artilleriya qurğuları və müxtəlif tipli raket sistemləri kimi hərbi texnikasına zərbələr endirmək üçün pilotsuz uçuş aparatlarına etibar edir və belədə, insan və hərbi texnika itkisinin qarşısını alır”.


Azərbaycan üçün vacib olan odur ki, hücum miqyasını özlərini zəiflədəcək və Ermənistanın əks-hücumuna imkan yaradacaq səviyyəyə çatdırmadan bu ehtiyatlı hərbi əməliyyatları davam etdirsin. Ermənistanın Azərbaycan şəhərlərinə hücumlar etməsinə Azərbaycan tərəfi eyni formada cavab verməkdən qəti şəkildə çəkinməlidir, çünki Azərbaycan da Ermənistan Respublikasının şəhərlərinə zərbələr endirsə, bu, Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) hərbi müdaxilə üçün bəhanə verə bilər. Hazırda görünən odur ki, Azərbaycan uğurlu yoldadır. Bu dron hücumlarına qarşı Ermənistanın hər hansı bir effektiv müdafiə üsulu yoxdur.
– Metyu Brayza
  • Azərbaycan Respublikası Müdafiə Nazirliyi Dağlıq Qarabağın erməni əhalisi və təslim olmaq istəyən əsgərlər üçün humanitar dəhlizlər açmağa hazır olduğunu bildirən bəyanat yayıb. Azərbaycan Respublikasının bu addımını necə qiymətləndirirsiniz?

“Düşünürəm ki, münaqişə zonasını tərk etmək istəyən erməni mülki vətəndaşları və əsgərləri üçün humanitar dəhlizlər açmağa hazır olduğunu elan etmək çox ağıllı bir taktikadır. Aydındır ki, Ermənistan Azərbaycanın hərbi hücumlarını dəf etməkdə xeyli çətinlik çəkir – çarəsizlikdən Azərbaycan şəhərlərini hədəf alır, ölkədəki 55-56 yaşdan aşağı kişiləri səfərbərliyə cəlb edir. Düşünürəm ki, istər Ermənistanın mülki əhalisi, istərsə də əsgərlər qorxu içindədirlər, rəhbərlərinin qələbəyə aparan yolda olduqlarına inamları yoxdur və ən azından özlərini və ailələrini bu münaqişədən uzaq tutmaq üçün hər hansı sülh yoluna can ata bilərlər. Ona görə bu taktikanın ermənilərin əhval-ruhiyyəsini aşağı salacağını düşünürəm”.

  • Nə ATƏT-in Minsk qrupu, nə də başqa bir beynəlxalq təşkilat 30 ilə yaxındır ki, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar prosesində heç bir irəliləyiş əldə etməyib. Ermənistanı BMT-nin qoşunların işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən 4 qətnaməsinə əməl etməməsinə nə vadar edir?

“Prezident İlham Əliyev “TRT News” və “Əl-Cəzirə” telekanallarına verdiyi müsahibə zamanı vasitəçilərin bir çox yaxşı təkliflər irəli sürdüyünü, ancaq erməni tərəfinin onları heç vaxt qəbul etmədiyini bildirdi və təcrübəmə əsasən deyə bilərəm ki, bu, doğrudur. Erməni tərəfinin yaradıcı olduğu müəyyən dövrlər olub. Xüsusilə prezident Robert Köçəryan hakimiyyətdə olarkən Xarici İşlər naziri Vartan Oskanyanın rəhbərliyi altında, həmçinin Eduard Nalbandyanın Xarici İşlər naziri olduğu dövrdə onlar çox yaradıcı mövqedən çıxış edirdi. Ancaq keçmiş Madrid prinsipləri çərçivəsində müzakirə olunan hər şeydən imtina edən baş nazir Nikol Paşinyanın rəhbərliyi altında vəziyyət dəyişdi. Ermənistanın BMT-nin qoşunların işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən 4 qətnaməsinə niyə əməl etməməsi sualına Ermənistan rəhbərliyi cavab verməlidir”.

– Metyu Brayza


  • Dağlıq Qarabağ münaqişəsindən qısamüddətli perspektivdə nələr gözləyirsiniz?

Müharibədə nələr olacağını təxmin etmək çox çətindir. Müharibə elminin məşhur məsəllərindən birində belə deyilir: “Hətta ən mükəmməl döyüş planı belə, yalnız düşmənlə ilk təmas anına qədər yaşayır”.
Keçmiş Prussiya Krallığının hərb nəzəriyyəçilərindən biri olan Karl von Klausvitz “Müharibənin dumanı elə sıx və keçilməzdir ki, döyüş başlayandan sonra heç kim nə olacağını bilmir” fikrinin müəllifidir.
– Metyu Brayza

“Hadisələr indiki kimi davam etsə, düşünürəm ki, Azərbaycan Füzuli, Cəbrayıl və Ağdərə kimi Dağlıq Qarabağda işğal olunmuş torpaqları geri qaytarmaq istiqamətində uğur əldə edəcək. Bu, yüz minlərlə azərbaycanlının öz evlərinə qayıtmasına imkan verəcək. Belədə, əslində siyasi xəritə dəyişəcək və bundan sonra Azərbaycan erməni qoşunlarının bütün işğal olunmuş ərazilərdən tam çıxarılması barədə danışıqlara başlaya biləcək. Bu halda, Azərbaycan Dağlıq Qarabağın siyasi-hüquqi gələcəyi ilə bağlı daha güclü bir mövqeyə sahib olacaq. Ancaq işlər sürətlə dəyişə bilər. Bir müddət Ermənistanın əks-hücum əməliyyatlarını həyata keçirəcəyini düşünürəm, lakin nəticədə Azərbaycan Ordusunun canlı qüvvəsi daha çoxdur və daha çox hərbi imkanlara malikdir. Xüsusilə də, inanmıram ki, Ermənistan pilotsuz uçuş aparatları ilə bacarsın.

Ən böyük xarici müdaxilə bu ola bilər ki, Rusiya məsələyə daxil olsun, lakin Ermənistan Respublikasının ərazisinə hücum olmadığı müddətdə rəsmi Moskvanın müdaxilə edəcəyini düşünmürəm, çünki onların Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində belə bir öhdəlikləri yoxdur. Son olaraq Prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov da öz açıqlamasında KTMT çərçivəsində Ermənistan qarşısında müəyyən öhdəliklərinin olduğunu, amma bu öhdəliklərin Dağlıq Qarabağ məsələsinə aid olmadığını bildirib”.

Avatar
Kanan Abid
Xəbər müəllifi

Bərdədə erməni terroru törədilən ərazidə son vəziyyət – VİDEO

Ermənistan silahlı qüvvələrinin Bərdə rayonunun mərkəzini raket atəşinə tutması nəticəsində ərazidə axtarış-xilasetmə işləri davam etdirilir

Hikmət Hacıyev: “Bərdə şəhərinə qarşı soyqırımı aktı: 20-yə yaxın şəxs həlak olub”

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb

Hikmət Hacıyev: “Azərbaycan əraziləri azad ediləndən sonra bütün tarixi və mədəni abidələr bərpa olunacaq”

Bunu Azərbaycanda akkreditasiya olunmuş xarici ölkələrin səfirləri üçün bu gün ADA Universitetində keçirilən brifinqdə Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib