Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfərə gedib.
Qazet.az-ın xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.
“Səfər çərçivəsində Azərbaycan – Pakistan – Türkiyə XİN başçılarının ikinci üçtərəfli görüşü və həmçinin Pakistan rəsmiləri ilə ikitərəfli görüşlər keçiriləcək”, – Leyla Abdullayeva qeyd edib.
Politoloq Teymur Qasımlı Qazet.az-a bildirib ki, görüşdə Prezidentlərin Moskva görüşünün müzakirəsi də gözləniləndir.
“Səfər çərçivəsində Azərbaycan və Pakistan arasında bir neçə məsələ müzakirə ediləcək. Görüş zamanı Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov arasında görüşün olması da nəzərdə tutulur. Düşünürəm ki, Rusiya Prezidenti Vladimir Putinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın Moskva görüşü və qəbul edilən bəyanatla bağlı müzakirələr də aparılacaq”.